İQTİSADİYYAT


OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barrel çox olacaq YENİLƏNİB

Bakı, 22 iyun, Nihad Budaqov, AZƏRTAC

Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclası keçirilib.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da iştirak etdiyi iclasda çıxış edən Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Al Falih Vyananın çox tarixi bir həftəyə ev sahibliyi etdiyini deyib. Bildirib ki, JMMC həm istehsalçılar, həm də istehlakçıların xeyrinə bazar sabitliyini inkişaf etdirmək üçün mühüm nəticələr verən səylərini davam etdirir: “Müzakirələrimiz bazarda neft təklifinə dair çatışmazlığın yarandığı dövrə təsadüf edir və bu, son 5-7 ilin orta göstəricisindən aşağı düşən neft ehtiyatları fonunda baş verir. Əsas istehlakçı ölkələrin OPEC və tərəfdaşlarının qərar qəbul edərkən bu vacib amili nəzərə almaları üçün çağırışlar var”.

O qeyd edib ki, ötən yarım il ərzində üzv ölkələrin öhdəliyə sadiqliyi 100 faizdən çox olub və nəticədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ehtiyatları təxminən 370 milyon barrel azalıb. Bu ilin ikinci rübündə neft tələbatı birinci rüblə müqayisədə gündəlik 2 milyon barrel çox olacaq: “Son iki il ərzində ümumi tələbatın həcmi 3 milyon barreldən çox artıb, təklif isə gündəlik 2,8 milyon barrel azalıb. OPEC-in analizi göstərir ki, heç bir tədbir görmədiyimiz halda ilin ikinci yarısında tədarükün həcmi gündəlik 1,7 milyon barrel artacaq və OECD üzrə ehtiyatlar da daha 300 milyon barrel azalacaq. Bu, artan neft tələbatına mənfi təsir göstərə bilər. ABŞ-da şist nefti istehsalında əsas rol oynayan “Permian” boru kəmərləri infrastrukturu və resurs çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə aşağı təzyiqə məruz qalmaqdadır. Yəni, bu maneələr aradan qaldırılana qədər ABŞ-da şist neftinin istehsalının artması qarşıdakı iki il ərzində əhəmiyyətli dərəcədə yavaşlayacaq”.

Qeyd edək ki, Azərbaycanın energetika naziri OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.