ELM VƏ TƏHSİL
OXUD KƏND MƏKTƏBİ İSTİFADƏYƏ VERİLDİ
Şəkinin Oxud kəndində 640 şagird yeri olan orta məktəb binasının açılış mərasimi keçirilmişdir. Yeni məktəb kompleksi iki il bundan əvvəl baş vermiş yanğın nəticəsində tamamilə yararsız hala düşmüş keçmiş məktəb binasının yerində ucaldılmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin, respublika Ədliyyə Nazirliyinin, Azərbaycan Beynəlxalq Bankının, tikintini həyata keçirən müəssisələrin nümayəndələri, habelə kənd sakinlərinin iştirak etdiyi açılış mərasimində natiqlər dövlətin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri ürəkdən alqışlamış və tikintinin qısa müddətdə təhvil verilməsində əməyi olanlara öz minnətdarlıqlarını bildirmişlər.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar yeni təhsil ocağı, burada yaradılmış şəraitlə yaxından tanış olmuş, fənn kabinetlərinə baxmışlar.
Yeni məktəbdə 750 nəfərdən çox şagird təhsil alacaqdır.