SİYASƏT
Oesman Sapta: Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Regional Nümayəndələr Şurasının sədri Oesman Saptanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Azərbaycan ilə İndoneziya arasında münasibətlərin səmimi dostluq, qardaşlıq üzərində qurulduğunu deyib. Bildirib ki, Azərbaycan İndoneziya ilə əlaqələrin inkişafına önəm verir. O, bu münasibətlərin bundan sonra da qarşılıqlı faydalılıq əsasında davam etdirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, İndoneziyanın Azərbaycanla sıx siyasi, iqtisadi, mədəni əlaqələri var. O, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin də zəruriliyini qeyd edib.
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Oesman Sapta Azərbaycana səfərdən məmnunluğunu bildirib, ölkəmizdə gördüklərinin onlarda xoş təəssüratlar yaratdığını qeyd edib. O, Azərbaycan ilə İndoneziya arasında bir çox sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu deyib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.