CƏMİYYƏT
Oğurluq edən şəxsin axtarışda olduğu müəyyən edilib
Bakı, 9 aprel, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Kərimov aprelin 3-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki mağazasından təmir-tikintinin alətləri və məişət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Cinayət əməlini törədən şəxsin Zərdab rayonu ərazisində olduğu qısa müddətdə müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli 6-cı polis bölməsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılıb.
Onun Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.