CƏMİYYƏT


Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib VİDEO

Bakı, 28 noyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan daha bir dəstənin üzvlərinə qarşı uğurlu əməliyyat həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Meşələrin İnkişafı Departamentinin əməkdaşlarından Oğuz rayonunun Filfilli, Xaçmaz və sair kəndlərinin ərazilərində yerləşən meşə zolaqlarında ağacların kütləvi şəkildə qanunsuz kəsilməsi əlamətlərinin müşahidə edilməsi barədə məlumat daxil olub. Hər iki qurumun əməkdaşları tərəfindən qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən kəndlərdə meşə zonaları nəzarətə götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qısa zamanda müəyyən olunub ki, həmin meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışı Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Etibar Muxtarov tərəfindən həyata keçirilib. Həmin şəxslər əməliyyat nəticəsində saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Elşən Hüseynov və Etibar Muxtarov tərəfindən qanunsuz kəsilmiş ağaclar, onların oduncaqlarının yeri və digər ləvazimatlar maddi sübut kimi Baş İdarənin əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb. Ekspert rəyi ilə məlum olub ki, bu şəxslər qanunla qorunan meşə sahələrinə külli miqdarda maddi ziyan vurublar. Həmçinin araşdırma zamanı dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi məlum olub. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Faktlarla bağlı dəstə üzvləri barəsində Baş İdarənin istintaq və təhqiqat idarəsində cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.