CƏMİYYƏT
Oğuzda şəhid ailələrinə və aztəminatlı ailələrə qurban payları verilib
Bakı, 2 iyul, AZƏRTAC
Bu günlərdə İslam dünyasının ən müqəddəs bayramlarından biri - xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Qurban yaxınlaşmaq, yardımlaşmaq, əzizlərinə dəyər vermək, mərhəmət bayramıdır.
AZƏRTAC xəbər verir ki, bu bayram günlərində 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputat Aqiyə Naxçıvanlı da öz seçicilərini unutmamışdır. O, Qurban bayramı münasibətilə seçicilərinə ünvanladığı təbrikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xalqımızın milli-mənəvi dəyərlərinə olan diqqət və qayğını, ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin, şəhid və məcburi köçkün ailələrinin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malik olan bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.
Pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin bütün qaydalarına riayət edilməklə Aqiyə Naxçıvanlı tərəfindən qurbanlar kəsdirilib, 70-ə yaxın imkansız ailəyə qurban payları göndərilib. Həmçinin seçiciləri olmasa belə, Oğuz rayonu ərazisində məskunlaşmış Xocalıdan olan ailələrinin qayğılarını hər zaman diqqətində saxlayan Aqiyə Naxçıvanlı onların da evlərinə bayram sovqatları göndərib, dualarını və bayram təbriklərini çatdırıb.
Bu diqqət və qayğını yüksək qiymətləndirən seçicilər hörmətli deputatlarına öz minnətdarlıqlarını bildirib, həm ciddi karantin rejimi günlərində, həm də bayram günlərində onları unutmadığı üçün təşəkkürlərini ünvanlayıblar.