REGİONLAR
Oğuzda sənaye məhsulu istehsalı 42,3 faiz artıb
Oğuz, 4 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Oğuz rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 13 milyon 773,5 min manatlıq məhsul istehsal edilib və sənaye xidmətləri göstərilib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 95,1 min manat və ya 42,3 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Oğuz rayonunun sənayesi əsasən qida məhsulları və ağac məmulatlarının istehsalı, suyun yığılması və paylanması, elektrik enerjisi və təbii qazın bölüşdürülməsi sahələrini əhatə edir. Hazırda rayonda 9 sənaye müəssisəsi fəaliyyət göstərir.
Hesabat dövründə rayonda emal sənayesi üzrə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 40,1 faiz artaraq 10 milyon 276,8 min manat olub.
Hazırda rayonda sənaye sahəsində 475 nəfər işçi çalışır.