REGİONLAR
Oğuzlu məzunlardan 180 nəfəri tələbə adını qazanıb
Oğuz, 13 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş oğuzlu məzunlardan 180 nəfəri tələbə adını qazanıb. Onlardan 173 nəfəri cari ilin məzunlarıdır. Qəbul imtahanlarında məzunlardan 32 nəfəri 500-700 bal arasında, o cümlədən 10 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, tələbə adını qazanan builki məzunların 164 nəfəri dövlət, 9 nəfəri isə özəl ali məktəblərdə təhsil alacaqlar. Tələbələrin 135 nəfəri ödənişsiz, 38 nəfəri isə ödənişli ixtisaslar üzrə oxumaq hüququ qazanıblar. Tələbə adını qazananların 92 nəfərini qızlar, 81 nəfərini isə oğlanlar təşkil edir.
Ali məktəblərə qəbul olunanların 48 nəfəri pedaqoji, 54 nəfəri texniki, mühəndis, kənd təsərrüfatı, 32 nəfəri iqtisadiyyat, biznes, turizm, marketinq, qalanları isə digər ixtisasları seçiblər.
Ötən tədris ilində Təhsil Nazirliyinin təşkil etdiyi fənn olimpiadalarının respublika mərhələsində iştirak etmiş rayonun 5 məktəblisindən bir nəfər birinci, iki nəfər ikinci, bir nəfər isə üçüncü yeri tutub. "Qarabağ uşaqların gözü ilə" Respublika onlayn videoçarx müsabiqəsində Oğuz Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü, rayonun Muxas kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Xəlil Əlizadə 14-17 yaş qrupu üzrə respublika birincisi olaraq, Təhsil Nazirliyinin diplom və hədiyyələrinə layiq görülüb.
Tədris ilinin yekunlarına görə, tam orta təhsil səviyyəsi üzrə məzunlardan 2 nəfəri qızıl nişan, 17 nəfər isə fərqlənmə attestatı alıb.