SİYASƏT
Oleq Krapivin: “Xocalı soyqırımının rəsmi Praqa tərəfindən tanınması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin ardıcıl xarici siyasətinin qələbəsidir”
Kiyev,19 fevral (AZƏRTAC). Fevralın 23-də Kiyevdəki Səməd Vurğun adına kütləvi kitabxanada Xocalı qətliamının günahsız qurbanlarının xatirəsinə həsr olunmuş matəm mərasimi keçiriləcəkdir.
Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatı (KŞT) tərəfindən təşkil ediləcək tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Ukrayna Ali Radasının deputatları, UAK-ın, Ukrayna ictimaiyyətinin nümayəndələri, Kiyev məktəblərindəki Azərbaycan dili siniflərinin şagirdləri, jurnalistlər iştirak edəcəklər.
UAK KŞT-nin sədri, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının sədri Oleq Krapivin vurğulamışdır ki, o, Xocalıda dinc sakinlərin qətliamının Çexiya Respublikası tərəfindən pislənməsi və Avropa İttifaqının üzvü olan bu ölkənin həmin hərəkətləri cinayət kimi tanıması haqqında məlumatı böyük məmnunluq hissi ilə qarşıladım.
O demişdir: “Biz xoş məramla atılmış bu addıma və güclü ədalət hissinə görə rəsmi Praqaya minnətdarıq. Dərindən əminəm ki, bu nəcib və düzgün təşəbbüsə dünyanın digər ölkələri də qoşulacaqlar”.
O.Krapivin bu hadisəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin qarşıdurmanın ən qanlı səhifəsi olan Xocalı soyqırımı haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin ardıcıl xarici siyasətinin qələbəsi kimi dəyərləndirmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev