MƏDƏNİYYƏT
Ölkəmiz Əbu-Dabidə keçirilən Beynəlxalq Qida Festivalında təmsil olunub
Əbu-Dabi, 23 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Beynəlxalq Qida Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizlə yanaşı, Böyük Britaniya, İtaliya, İspaniya, İrlandiya, Türkiyə, Rusiya, Filippin, Yaponiya, Pakistan, Hindistan, İndoneziya, İordaniya, Livan, Misir, Malayziya, Venesuela və digər ölkələrdən olan nümayəndələr də iştirak ediblər.
Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin dəstəyi ilə pavilyonumuzun quraşdırıldığı festivalda səfirliyin əməkdaşları, Əbu-Dabidə yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak edib, milli mətbəximizlə yanaşı, milli mədəniyyətimiz təqdim olunub.
Azərbaycan guşəsində dolma, aş, qutab, səbzi, dovğa, habelə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyəti nəticəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olan lavaş, həmçinin milli şirniyyatlarımızın nümunələri, Azərbaycanın görməli yerlərini əks etdirən fotostend qonaqlar üçün nümayiş edilib.
Qonaqlara Azərbaycan yeməkləri, eləcə də unikal turizm məkanlarımız və zəngin mədəniyyətimiz haqqında məlumat verilib. Ziyarətçilər ölkəmizin tarixini, mədəniyyətini və turizm abidələrini, o cümlədən mənzərəli yerlərini əks etdirən suvenirlərlə tanış olublar.
Çoxsaylı qonaqlar mətbəx nümunələrimizdən dadıb, mədəniyyətimiz və adət-ənənələrimiz haqqında məlumatlar əldə ediblər.
Tədbir zamanı, ölkələr paradında Azərbaycan icmasının üzvləri üçrəngli bayrağımızla səhnədə addımlayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi