MƏDƏNİYYƏT
Ölkəmiz ISESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransında təmsil olunur
Bakı, 22 noyabr, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sudanın Xartum şəhərində keçirilən ISESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransında iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizin rəhbərliyi ilə keçirilən konfransda ISESCO-nun baş direktorunun təşkilatın son iki il ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib. Müzakirə zamanı Azərbaycan tərəfinin təklifi ilə qəbul edilmiş “Dünyada İslam irsinin qorunmasına dair Bəyannamə”yə Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində mədəni irsin vəziyyətinin araşdırılması məsələsi daxil edilib.
Nazir Əbülfəs Qarayev çıxış edərək son iki ildə ölkəmizin uğurları, İslam dünyası ilə əməkdaşlığı, ölkə başçısı tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlər, xüsusilə İslam Həmrəyliyi Oyunları, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Şəkinin UNESCO tərəfindən “Yaradıcı şəhər” elan olunmasının əhəmiyyəti, 2018-ci ildə Naxçıvanın “İslam Mədəniyyətinin Paytaxtı” kimi qeyd edilməsi barədə məlumat verib. Nazir müsəlman ölkələrini “Dünya EXPO 2025” sərgisinə Azərbaycanın paytaxt şəhəri Bakının namizədliyini dəstəkləməyə çağırıb.
Əbülfəs Qarayev tədbir çərçivəsində ISESCO-nun baş direktoru, Türkiyə, Bəhreyn, Sudan, Banqladeş, İraq və digər ölkələrdən olan həmkarları ilə görüşərək qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.
Konfrans işini noyabrın 23-də yekunlaşdıracaq.