İQTİSADİYYAT
Ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində aqrar sahədə köklü dəyişikliklər baş verib YENİLƏNİB
Bakı, 25 iyun, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanda son illər aparılan iqtisadi islahatlar nəticəsində aqrar sahədə köklü dəyişikliklər baş verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 25-də Dünya Bankının birgə təşkilatçılığı ilə “ Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı” mövzusunda bilik sərgisində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn deyib.
İİTKM-in departament rəhbəri ölkəmizdə kəndlərin inkişafı ilə bağlı görülən işlərdən və dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışaraq, həyata keçirilən institusional islahatlar, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunan mühüm sənədlər barədə məlumat verib. O əlavə edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə son iki ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi və bir sıra sahəvi dövlət proqramları təsdiqlənib: “Xüsusən də Strateji Yol Xəritəsində vurğulanır ki, kənd təsərrüfatı iqtisadi fəaliyyət növü olmaqla yanaşı, həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaşatdığı təsərrüfatçılıq ənənəsidir”.
R.Hüseyn bildirib ki, kənd təsərrüfatının birinci dərəcəli funksiyası ərzaq məhsulları və xammal istehsalı olsa da, bu sahənin ekoloji tarazlığının təmin edilməsi, kənd bölgələrində sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və kənd həyat tərzinin qorunması kimi mühüm funksiyaları da var.
Ölkənin sosial-iqtisadi inkişafının müasir mərhələsində kənd yerlərinin inkişafı siyasətinin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi aktualdır: “Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası kənd yerlərinin sosial-iqtisadi inkişaf siyasəti üzrə potensialının güclənməsinə, kənd yerlərində alternativ fəaliyyət sahələrinin inkişafına və yerli icmaların kəndin inkişafına dair təşəbbüslərinin dəstəklənməsinə böyük töhfə verəcək. Bu tədbirlərin icrası həm də yerli özünüidarəetmə orqanlarının və kənd icmalarının kənd yerlərinin inkişafında iştirakının artırılmasına, kənd yerlərində icma səviyyəli gəlir gətirən sektorların təşviqinə, kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakına müsbət təsir göstərəcək. Həmçinin qarşıdakı müddətdə kəndin sosial-iqtisadi inkişafını da özündə ehtiva edən yeni dövlət proqramı hazırlanacaq. Bu baxımdan kəndin sosial-iqtisadi inkişafı üçün innovasiyalardan və texnologiyalardan daha geniş şəkildə istifadə zərurəti də yaranır”.
R.Hüseyn, həmçinin ərzaq və qida təhlükəsizliyi, regionlar və kənd yerlərinin inkişafı proqramlarının gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Bildirib ki, bu gün aparılan müzakirələr zamanı Dünya Bankının mütəxəssislərinin bu istiqamətdə apardığı diaqnostik tədqiqatlar tərəflərə təqdim olunub.
Dünya Bankının Azərbaycandakı nümayəndəsi Navid Həsən Naqvi isə əlavə edib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının vacib hissəsini təşkil edir və əhalinin əhəmiyyətli hissəsini iş yerləri ilə təmin edir: “Dünya Bankı Azərbaycanın kənd təsərrüfatının məhsuldarlığını və rəqabət qabiliyyətini artırmaq üçün bir neçə istiqamətdə işləməyi məqsədəuyğun hesab edir. Bura fermerlərin bazarlarla əlaqələndirilməsi, "ağıllı" kənd təsərrüfatı metodlarından istifadə edilməsi və qida təhlükəsizliyi sisteminin gücləndirilməsi daxildir. Bu və digər istiqamətlərdə islahatlar kənd təsərrüfatının müasirləşdirilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək” .
Bilik sərgisi çərçivəsində Dünya Bankının nümayəndələri Culian Lampietti və Vilfred HandertmarkI, eləcə də Tara Şarafudhin “Azərbaycanda kənd təsərrüfatının transformasiyası” mövzusunda təqdimatlar ediblər.
Ümumiyyətlə isə İİTKM Dünya Bankı ilə birlikdə 3 bilik sərgisi keçirib. “ İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə”, “Ali təhsil, biznes inkubatorlari və iş yerlərinin diaqnostik tədqiqatı” və “Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı” mövzularında aparılan müzakirələrdə dövlət və özəl qurumların, eləcə də akademik ictimaiyyətin nümayəndələri iştirak edib.