MƏDƏNİYYƏT
Ölkəmizdə aqrar turizmin inkişafına dəstək verəcək əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 23 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Noyabrın 23-də Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki Dövlət Aqrar Ticarət Şirkəti ilə Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumun imzalanmasında məqsəd, hər iki qurum arasında faydalı əməkdaşlığın qurulması və birgə tədbirlərin həyata keçirilməsi ilə turistlərin kənd təsərrüfatı məhsulları haqqında maariflənməsini təmin etmək, ölkədə aqrar turizmin inkişafına dəstək verməkdir. Birgə əməkdaşlıq kənd təsərrüfatında və Bakıda turizmin inkişafına öz töhfəsini verməyi, xüsusilə, Azərbaycan məhsullarının ölkəmizdə səfərdə olan xarici ölkə vətəndaşlarına tanıdılmasını hədəfləyib.
Tədbirdə qurumların fəaliyyəti haqqında məlumat verilib, birgə əməkdaşlığın perspektivləri, planlaşdırılan və görüləcək işlər haqqında təqdimat olub.
Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib ki, hazırda Bakı şəhərinin rəsmi turizm xəritəsi hazırlanır. Həmin xəritə ölkəmizin mədəniyyət ocaqlarını əks etdirəcək və hər bir turist turizm mərkəzlərindən ödənişsiz əldə etdikləri xəritə vasitəsilə xalqımızın mədəniyyət ocaqları ilə tanış ola biləcək. Xəritə onların işini asanlaşdırmaq məqsədi daşıyır.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova qeyd edib ki, “Kənddən şəhərə” markasının məhsullarını həm yerli, həm də əcnəbi turistlərə tanıtmaq üçün hər iki qurum arasında ortaq tədbirlər həyata keçiriləcək. Bakının yeni hazırlanan turizm xəritəsində bu markanın təklif etdiyi məhsulların satıldığı mağazalara əcnəbi turistlərin turları təşkil olunacaq və yerli təbii kənd təsərrüfatı məhsullarının turistlərə tanıdılması işi həyata keçiriləcək. Həmçinin, Dövlət Turizm Agentliyinin iştirak edəcəyi beynəlxalq sərgilərdə “Kənddən şəhərə” brendi təqdim olunacaq.
Natiqlər imzalanan əməkdaşlıq memorandumunun kənd təsərrüfatı məhsullarının turistlərə tanıdılması istiqamətində iki qurumun birgə fəaliyyəti üçün baza sənəd rolunu oynayacağını və ölkəmizdə aqrar turizmin inkişafına töhfə verəcəyini vurğulayıblar.