CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Şuşa rayon məktəbliləri ilə görüş
Bakı, 12 noyabr, AZƏRTAC
Şuşa Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada iştirak edən rayon məktəbliləri ilə görüş olub.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Şuşa məktəbliləri noyabrın 13-16-da Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxacaqlar.
Görüşdə rayon rəhbərliyi, təhsil idarəsinin əməkdaşları, şagirdlər və onların valideynləri iştirak ediblər.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov şagirdlərin ayrı-ayrı bölgələr haqqında zəngin məlumatlar almalarında tur-aksiyanın əhəmiyyətini qeyd edib. Bildirilib ki, üç gün davam edəcək tur-aksiya zamanı şagirdlər bölgənin tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bütün bunlar isə məktəblilərdə Vətənimizin bu bölgələri haqqında xoş təəssürat yaradacaq. “Tur-aksiya siz şagirdlərə ölkəmiz barədə ətraflı məlumat qazandırmaqla yanaşı, digər rayonların məktəbliləri ilə əlaqələrin qurulmasına, dünyagörüşünüzün formalaşdırılmasına, təhsildə əldə etdiyiniz nəzəri biliklərin möhkəmləndirilməsinə müsbət təsir göstərir”, - deyə B.Səfərov vurğulayıb.
Bu gün qeyd edilən Konstitusiya Gününün tarixindən danışan Bayram Səfərov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunduğunu bildirib. Qeyd edib ki, dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyadır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Sonra “Ölkəmizi tanıyaq” adlı videoçarx nümayiş etdirilib.
Digər çıxış edənlər tur-aksiyanın əhəmiyyətindən danışıblar.
Məktəblilər Şükran Hüseynli və Lalə Hüseynovanın təbriki maraqla qarşılanıb.
Sonda tur-aksiyada iştirak edən məktəblilərə rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.