CƏMİYYƏT


Ombudsman beynəlxalq ictimaiyyətə Ermənistanın Bərdəyə ballistik raket hücumları barədə hesabat göndərib

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə Ermənistanın Bərdəyə ballistik raket hücumları barədə hesabat göndərib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hesabatda deyilir: “Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri 2020-ci il oktyabrın 27-si və 28-də qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutub. Nəticədə iki gün ərzində ümumilikdə 25 mülki şəxs həlak olub, 80-dən çox şəxs yaralanıb. Bərdəyə ardıcıl hücumlar, xüsusən oktyabrın 28-də Bərdə şəhərinin ticarət obyektlərinin yerləşdiyi mərkəzi hissəsinin hədəfə alınması səbəbindən çoxsaylı mülki obyektlər də dağıntılara məruz qalmışdır.

Bununla bağlı Ombudsman Səbinə Əliyeva Bərdə rayonunda yerində faktaraşdırıcı missiya həyata keçirib. Araşdırma zamanı Bərdədə mülki və sosial obyektlərin yerləşdiyi ərazilərdə Ermənistan tərəfindən beynəlxalq hüquqla qadağan edilmiş kassetli bombaların istifadəsi faktı, eləcədə baş vermiş tələfat və dağıntılarla bağlı materiallar əldə edilib.

Ombudsman tərəfindən toplanmış materiallar əsasında hazırlanmış hesabatda beynəlxalq hüquq və humanitar hüququn pozulmasına dair faktlar əsasında Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin qarşısının alınması məqsədilə tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.

Oktyabrın 27-28-ni əhatə edən hesabat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.