REGİONLAR
On bir ayda Şəkidə heyvan sahiblərinə 207 min manatdan çox subsidiya ödənilib
Şəki, 17 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin 11 ayında Şəki rayonunda 5970 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 607 baş çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Mərkəzin rəsmisi bildirib ki, 11 ayda Şəki rayonu üzrə 1382 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 2077 baş buzova görə 207 min 700 manat subsidiya ödənilib. Süni mayalama yolu ilə alınan buzovların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 938 baş artıb.
Nazim Rəcəbov deyib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən ən mühüm amillərdəndir. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, süni mayalama yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiya ödənişi tətbiq olunduqdan sonra Şəki rayonunda süni mayalandırılan heyvanların sayı əvvəlki illərə nisbətən 2,2 dəfəyə yaxın artıb.
Hazırda Şəkidə süni mayalama üzrə 13 mütəxəssis fəaliyyət göstərir.