REGİONLAR
Ordubadda keçirilən əmək yarmarkasında işaxtaranlara 185 boş iş yeri təqdim edilib
Ordubad, 19 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən növbəti əmək yarmarkası Ordubad rayonunda keçirilib. Tədbirə işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də dəvət olunub.
Əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 21 müəssisədən 185 boş iş yeri təqdim edilib. 15 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 3 nəfərin qeydiyyatı aparılıb ki, onlardan 2-sini hərbi xidmətdən tərxis olunmuş gənclər təşkil edib.
Qeyd edək ki, növbəti əmək yarmarkası oktyabrın 19-da Naxçıvan şəhərində keçiriləcək.