SİYASƏT
Ordumuzun həyata keçirdiyi nəzarət tədbirləri öz müsbət nəticələrini verəcək
Bakı, 28 mart, AZƏRTAC
Bildiyimiz kimi, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Bu tədbirlər nəticəsində sözügedən ərazidə olan bir sıra məntəqələr Ordumuzun nəzarəti altına keçib.
AZƏRTAC xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Cəbi Quliyevin sözlərinə görə, həyata keçirilən tədbirlər ermənilərin götürdükləri öhdəliklərə əməl etməməsindən qaynaqlanır. Ekoloqların Laçın yolu üzərində davam edən uğurlu aksiyası ermənilərin alternativ yollardan istifadə etməsinə şərait yaradıb, bu isə yolverilməzdir.
“Azərbaycan sərhədlərinə nəzarət etmək iqtidarındadır. Biz heç zaman imkan vermərik ki, təbii sərvətlərimiz hər hansı yollarla daşınsın. Ermənilər işğal dövründə etdikləri hərəkətləri yenidən təkrarlayırlar və onlar düşünürlər ki, vəziyyət eyni olaraq qalır. Onlar havadarlarına güvənərək belə addım atmaqla regionda yaranan vəziyyəti dəyişmək istəyirlər. Lakin bu, mümkün deyil. Rəsmi açıqlamalardan da göründüyü kimi Azərbaycan tərəfi mövcud vəziyyətlə bağlı düşmənə dəfələrlə xəbərdarlıq edib. Ancaq düşmən bu açıqlamalara məhəl qoymur. Belə olan halda Azərbaycan Ordusu öz sözünü deyib. Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada da qeyd olunur ki, Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir”, - deyə C.Quliyev əlavə edib.
O deyib ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur. Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan, həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
“Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir. Həyata keçirilən əməliyyatlar düşmənin ekoloji terrorunun qarşısının alınmasında mühüm rol oynayacaq”, - deyə deputat vurğulayıb.