REGİONLAR
Ötən ay muxtar respublikada 521 abonent internetlə təmin olunub
Naxçıvan, 9 sentyabr, AZƏRTAC
Muxtar respublikada yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin avqust ayında da uğurla davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay muxtar respublikada 521 abonent internetlə təmin olunub. Həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ay ərzində mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 193 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Bununla yanaşı, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilib, istismar olunan zaman sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəzlənib.
“Evədək optika” layihəsi çərçivəsində 4 fərdi mənzilə fiber-optik xətt çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
Nazirlik tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılıb, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara, ümumilikdə, 119 qrup olmaqla, 308 dinləyici cəlb edilib.
Payız-qış mövsümünə hazırlıqla bağlı yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrasına uyğun olaraq bu istiqamətdə də işlər davam etdirilir.