CƏMİYYƏT
Ötən həftə dünyada koronavirusa yoluxanların sayı 14 faiz artıb
Bakı, 21 aprel, AZƏRTAC
Ötən həftə dünyada koronavirusa yeni yoluxanların sayı 5,2 milyonu ötüb. Xəstəlik əvvəlki 7 gün ilə müqayisədə 14 faiz, ölənlərin sayı isə 8 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar çərşənbə axşamı Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində dərc olunub.
Məlumatda deyilir: “Qlobal planda ardıcıl olaraq səkkizinci həftədir ki, COVID-19-a yoluxmada artım davam edir. Ötən həftə 5,2 milyondan çox yeni yoluxma barədə məlumat daxil olub, bu da 2021-ci ilin yanvarında müşahidə olunan ən yüksək həddən yuxarı göstəricidir. Ölüm halları ardıcıl olaraq beşinci həftədir artır və son həftə ərzində xəstəlik 83 mindən artıq insanın həyatına son qoyub, bu isə əvvəlki 7 gündən 8 faiz çoxdur.
Aprelin 12-dən 18-dək dünyada 5.236.922 yoluxma və 83.305 ölüm halları qeydə alınıb. Aprelin 18-nə olan vəziyyətə görə ümumilikdə 140.332.000 yoluxma və 3.004.088 ölüm halları hesablanıb.
Aprelin 12-dən 18-dək yoluxmaların artımının ələlxüsus Cənub-Şərqi Asiyada (57 faiz) və Qərbi-Sakit okean regionunda (15 faiz) nəzərə çarpdığı halda, Avropada bu göstərici 3 faiz aşağı düşüb. Ölüm halları Cənub-Şərqi Asiyada (49 faiz), Aralıq dənizinin şərq sahillərində (23 faiz) və Afrikada (14 faiz) əhəmiyyətli dərəcədə artıb, Qərbi-Sakit okean regionunda (8 faiz) və Avropada (3 faiz) isə azalıb.