REGİONLAR
Ötən il Beyləqanın idman həyatında uğurlarla yadda qaldı
Beyləqan, 3 yanvar, AZƏRTAC
2018-ci il Beyləqan rayonunun idman həyatında uğurlu olub.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Beyləqan rayonunda gənclər idmanın futbol, voleybol, karate, taekvondo, kikboksinq, atletika, şahmat, cüdo, boks, güləş və milli idman oyunları üzrə məşqlərə cəlb olunurlar. Rayonun uşaq, yeniyetmə və gəncləri 81 idman qurğusundan, 28 stadiondan, o cümlədən 1500 nəfərlik böyük stadiondan istifadə edirlər. Hazırda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən rayonda Olimpiya İdman Kompleksinin tikintisi başa çatmaq üzrədir.
Ötən il rayon idmançıları beynəlxalq, respublika və zona yarışlarında yüksək nəticələr qazanıblar. Belə ki, Eldəniz Əzizli yunan-Roma güləşi üzrə həm Avropa, həm də dünya çempionu tituluna və “İlin idmançısı” adına layiq görülüb. Azərbaycan birinciliyində Nicat Abdullayev yunan-Roma güləşi, Bəxtiyar İsrafilli sərbəst güləş, Babək Qəhrəmanov isə taekvondo üzrə respublika üçüncüsü olublar. Milli idman oyunları üzrə respublika spartakiadasında Vaqif Bayramov daşqaldırma, Aysel Mahmudlu gücsınama üzrə ikinci yerlərə, məktəblər arasında respublika çempionatında basketbol üzrə rayon komandası isə üçüncü yerə layiq görülüb.