İQTİSADİYYAT
Ötən il Energetika Nazirliyi “ASAN xidmət” mərkəzi ilə 1126 icazə verib
Bakı, 8 fevral, AZƏRTAC
2020-ci ildə Energetika Nazirliyi “ASAN xidmət” mərkəzi ilə 1126 icazə verib.
AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, onların verilmə prosesinin asanlaşdırılması məqsədilə qanunvericiliyə əsasən, müvafiq icazələrin alınması üçün Energetika Nazirliyi tərəfindən sənədlərin qəbulu və onların verilməsi 2018-ci ilin fevral ayından 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. 2020-ci ildə nazirlik tərəfindən 1126 icazə verilib ki, onlardan 899-u Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli Qərarının 4.30-cu bəndinə əsasən, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiya və yenidənqurma layihəsi çərçivəsində aparılan təmir və tikinti işləri üçün ölkəyə gətirilən avadanlıqların və materialların gömrük idxal rüsumuna cəlb olunmaması məqsədilə ötən il ərzində 138 təsdiqedici sənəd verilib.