CƏMİYYƏT
Ötən il cənub bölgəsində 55 hektar ərazidə sitrus bağları salınıb
Bakı, 7 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən 2017-ci il ərzində plan-proqnoz göstəricilərini vaxtında və yüksək aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirmək üçün hərtərəfli tədbirlər görülüb.
Departamentdən AZƏRTAC-a verilən məlumata əsasən, meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə meşə fondu torpaqlarında ötən il ərzində 10152,2 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib, 4002,2 hektar sahədə aqromeşələr, o cümlədən cənub zonasında 55 hektar ərazidə sitrus bağları salınıb, 1538,9 min ədəd (feyxoa, mandarin, portağal, yapon əzgili, limon) ağac əkilib.
Bildirilib ki, meşələrin təbii bərpasına kömək tədbirləri 6150 hektar sahədə aparılıb. Eyni zamanda, 53,9 hektar sahədə toxum səpilib, 31,76 hektar sahədə 1427,8 min ədəd toxmacar və 47,19 hektar sahədə 3410 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35361,454 min ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib ki, bunun da 6046,97 min ədədi meyvə cinsləridir. Meşə fondu ərazilərində meyvə bağlarının becərilməsi məqsədilə 13238 hektar sahədə xidmət, 17850 hektar sahədə suvarma işləri aparılıb. Toxum tədarükü sahəsində 59795,3 kiloqram müxtəlif növ meyvə ağacları və kol cinslərindən toxum tədarük edilib.