CƏMİYYƏT
Ötən il gün ərzində Bakıda 330 milyon kubmetr çirkab su formalaşıb
Bakı, 4 may, AZƏRTAC
Ötən ilin statistikasına əsasən, gün ərzində Bakıda 330 milyon kubmetr çirkab su formalaşıb. Bunların yalnız 182 milyon kubmetri bioloji, 147 milyon kubmetri mexaniki təmizlənmədən keçib. Qalan su isə təmizlənmədən dənizə və ya göllərə axıdılıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Əlbəttə ki, bu, bizi düşündürür. Nazirlik olaraq həmin sahədə tədbirlərimiz daha sərt, daha ciddidir. Bununla bağlı həmin müəssisələrə məcburi göstərişlər verilir, istehsalat fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmələrə müraciət olunur, böyük məbləğdə cərimələr tətbiq olunur, iddialar hesablanır. Heç bir hüquqi və fiziki şəxsə çirkab suyu sərbəst şəkildə dənizə axıtmağa imkan verilmir. Hazırda Xəzərboyu dənizi çirkləndirən 123-dən çox mənbə var”, - deyə M.Əbdülhəsənov diqqətə çatdırıb.