REGİONLAR
Ötən il muxtar respublikada fəaliyyət göstərən muzeylərin 600 minədək ziyarətçisi olub
Naxçıvan, 4 yanvar, Rauf Kəngərli, AZƏRTAC
Ötən il muxtar respublikada fəaliyyət göstərən muzeyləri 592 min 683 qonaq ziyarət edib. Onlardan 178 min 469 nəfəri xarici vətəndaş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ziyarətçilərin ən çox üz tutduğu ünvanlar arasında Heydər Əliyev Muzeyi ön sırada yer alıb. Qonaqlar Naxçıvan Dövlət Xalça Muzeyinə, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə və Nuh Peyğəmbərin məzarüstü türbəsinə, Duz Muzeyinə də böyük maraq göstəriblər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili qeyd etmək üçün Naxçıvana gələn xarici ölkə vətəndaşları da bu mədəniyyət müəssisələrində olublar.
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olması ilə əlaqədar ötən il muxtar respublikaya gələn xarici turistlərin sayı daha da artıb. Ötən il muxtar respublikada mədəni-kütləvi tədbirlərin əhatə dairəsi genişləndirilib. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında 2400-dən çox tədbir keçirilib, əlamətdar və tarixi günlərlə bağlı konsert, dəyirmi masa və konfranslar təşkil edilib, filmlər göstərilib, sərgilər açılıb. Qonaqların ən çox üz tutduğu yerlərdən biri də muxtar respublikanın mədəniyyət müəssisələri olub.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi ötən il də davam edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri də yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564 yeni eksponat daxil olub.