CƏMİYYƏT
Ötən il tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 816 şəxs cərimələnib
Bakı, 24 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayır.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, respublikanın şəhər, rayon polis orqanları aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparır.
Ümumilikdə, 2022-ci il ərzində respublikanın şəhər, rayon polis orqanlarının keçirdikləri tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 14,421, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 816 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.