İQTİSADİYYAT
Ötən rübdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi 735 vətəndaş müraciətini araşdıraraq cavablandırıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Bu ilin 3-cü rübündə elektrik enerjisi, təbii qaz təchizatı, istilik təchizatı və digər sahələrlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) birbaşa və Energetika Nazirliyindən daxil olan vətəndaş müraciətlərinin sayı 1106 olub ki, bu da əvvəlki rüblə müqayisədə 205 müraciət və ya 22,8 faiz artım deməkdir.
AERA-dan AZƏRTAC-a bildirilib ki, 3-cü rübdə daxil olan 1106 vətəndaş müraciətinin 9-u Energetika Nazirliyi ilə müştərək icra olunub. Elektrik enerjisi təchizatı ilə bağlı agentliyə daxil olan vətəndaş müraciətlərinin sayı keçən rübə nisbətdə 20 faiz artaraq 905 müraciət təşkil edib.
Təbii qaz təchizatı ilə bağlı isə 155 müraciət daxil olub ki, bu da ötən rüblə müqayisədə 33,6 faiz artım deməkdir. Dörd vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub. Digər məzmunlu müraciətlərin sayı artaraq 3-cü rübdə 42 müraciət təşkil edib. 81 məlumat xarakterli müraciətdən 35-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub, 281 müraciət hazırda baxılma prosesindədir. Yeddi müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilməklə, ümumilikdə 735 müraciət AERA tərəfindən araşdırılaraq cavablandırılıb.