REGİONLAR
Otuz ildən çoxdur istifadəsiz qalan və yararsız vəziyyətə düşən su kanalı bərpa olunur
Ağsu, 17 avqust, AZƏRTAC
Ağsu rayonunda Yuxarı Şirvan kanalının Ağsu qolundan ayrılan, 4 kənddə 500 hektardan çox sahəni suvarma suyu ilə təmin edəcək 6 kilometrlik kanalda bərpa işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Musabəyli, Hacısəmədli, İlxıçı və Məlikçobanlı kəndlərinin su təchizatında xüsusi əhəmiyyəti olan bu kanal 30 ildir istismar olunmur və tamamilə yararsız hala düşüb. Respublikamızda su çatışmazlığı ilə əlaqədar Prezident İlham Əliyevin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na və verilən konkret tapşırıqlara müvafiq olaraq Ağsu rayonunda da mövcud ehtiyatların üzə çıxarılması, onlardan maksimum səmərəli istifadəsi istiqamətində tədbirlərə start verilib.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağsu Suvarma Sistemləri İdarəsinin mühəndisi Elşad Tağızadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tamamilə yararsız vəziyyətə düşən kanalın bərpasına 12 nəfər işçi qüvvəsi və 4 ədəd qazma texnikası cəlb olunub. Kanal yenidən qazılaraq dərinləşdirilir, kol-kosdan təmizlənir, çiyinlər qaydaya salınır. Qarşıdakı təsərrüfat mövsümünədək tam hazır olacaq kanal əkin sahələri ilə yanaşı, həyətyanı sahələrin də suvarılmasındakı çətinlikləri aradan qaldıracaq.