MƏDƏNİYYƏT
Özbəkistan portalında Heydər Əliyev Mərkəzi haqqında məqalə yayılıb
Daşkənd, 4 aprel, АZƏRTAC
Özbəkistan kun.uz portalında Heydər Əliyev Mərkəzi haqqında geniş məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu təşkil edilib və məqalə bundan sonra hazırlanıb.
Məqalədə vurğulanır ki, Heydər Əliyev Mərkəzinin binası öz möhtəşəmliyi və təkrarsız gözəlliyi ilə insanı valeh edir. Binanın layihəsi 2007-ci ildə məşhur memar, mərhum Zaha Hadid tərəfindən işlənib. Bu müasir bina Bakının simvollarından biri hesab edilir.
Qeyd olunur ki, Mərkəz böyük bir kompleksdən ibarətdir. Burada beynəlxalq dialoq mərkəzi, böyük konqres salonu, Heydər Əliyev Muzeyi, sərgi salonları və ofislər var. 2012-ci il mayın 10-da mərkəzin təntənəli açılış mərasimi olub və bu, Heydər Əliyevin anadan olduğu günə təsadüf edib.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Kun.uz portalı Mərkəzdəki klassik avtomobillər sərgisi barədə də ətraflı məlumat verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd