DÜNYA
Özbəkistanın Daşkənd vilayətindəki kimya zavodunda partlayış olub
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də səhər saatlarında Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində yerləşən “Maxam Chirchiq” kimya zavodunda yanğın, sonra isə güclü partlayış baş verib.
AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, bu barədə Daşkənd vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları işləyir, yanğının nəzarət altına alınması və söndürülməsi üzrə tədbirlər görülür. Hələlik hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.
“Maxam Chirchiq” zavodu Özbəkistanda mineral gübrələr və kimya məhsulları istehsal edən ən iri müəssisələrdən biridir. Mərkəzi Asiyanın ən qədim azot zavodlarından birinin bazasında qurulan müəssisədə kənd təsərrüfatı və bir çox sənaye sahələrində geniş istifadə edilən 40-dan çox adda məhsul, o cümlədən karbamid, ammonium nitrat, ammonium sulfat, kalium sulfat, dənəvər azot-kükürd gübrəsi və digər məhsullar istehsal olunur.