İQTİSADİYYAT
“PİRALLAHI-2” YATAĞINDA KƏŞFİYYAT QAZMASI YAXŞI NƏTİCƏLƏR VERMİŞDİR
Xəzər dənizinin Azərbaycana aid hissəsindəki “Pirallahı-2” yatağında kəşfiyyat qazması yaxşı nəticələr vermişdir. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iki kəşfiyyat quyusu göstərdi ki, yataqda neft ehtiyatları var və bu, hasilatı sabitləşdirməyə imkan verəcəkdir.
“Pirallahı-2” yatağı dənizin dayaz hissəsində yerləşir, burada suyun dərinliyi 6-8 metrdən çox deyildir. Neft ehtiyatlarının ehtimal olunan həcmi 1,2 milyon tondur. Burada “Abşeron” qazma qurğusu ilə cəmi beş kəşfiyyat quyusu qazılmışdır.
Qurudakı ən köhnə yataqlardan olan – “Pirallahı” yatağı da elə bu rayonda yerləşir. Onun işlənilməsinə hələ XIX əsrin sonlarında başlanmış və bu günədək buradan 50,4 milyon ton neft və 4,4 milyard kubmetr qaz hasil edilmişdir. Qalıq ehtiyatlar 1 milyon tondan çox deyildir. Hazırda 16 istismar quyusu fəaliyyətdədir, onların gündəlik ümumi məhsuldarlığı 440 tondur.