REGİONLAR
Pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib
Ağdaş, 21 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda pambıq yığımı uğurla davam edir. Hazırda kəndlərdə pambıqyığan kombaynların köməyi və əl əməyi ilə işlər sürətlə aparılır.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda tarlalarda bol məhsul var. Bu günədək Ağdaşda 333,30 ton pambıq yığılaraq “Ucar MTK” MMC-yə təhvil verilib.
Ağdaşda pambıq yığımına 300-dən çox kənd əməkçisi və 10 kombayn cəlb edilib. Mütəxəssis rəyləri və pambıq kollarında yetişmiş qozalar deməyə əsas verir ki, bu il ağdaşlı fermerlər hər hektar sahədən 20 sentner olmaqla, ümumilikdə, 6 min tona yaxın pambıq tədarük edəcəklər. Pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunub.
Qeyd edək ki, tarixən pambıqçılıqda böyük ənənəsi olan Ağdaş rayonunda bu il 3000 hektar sahədə çiyid səpini aparılıb və bol məhsul əldə edilib. Əkin sahəsi ötən ildəkindən 1846 hektar çoxdur. Pambıqçılığın inkişafına dövlət dəstəyindən bəhrələnən fermerlər 2015-ci illə müqayisədə əkin sahəsini 100 dəfə artırıblar.
Ağdaşlı fermerlər gələn il rayonda 5 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar.