SİYASƏT
Panel sessiyada inklüziv cəmiyyətlərin qurulması və dinc birgəyaşayışın təmin olunması məsələləri geniş müzakirə edilib
Bakı, 6 may, Ceyhun Alışlı, AZƏRTAC
Mayın 6-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən növbəti panel sessiyada “İnklüziv cəmiyyətlərin və dinc birgəyaşayışın qurulması: ASEAN təşkilatının perspektivi” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, “Global Compass” şirkətinin prezidenti Jan-Kristof Basın moderatorluğu ilə keçirilən sessiyada inklüziv cəmiyyətlərdə sülh şəraitində birgəyaşayışın təmin edilməsindən, habelə cəmiyyətdə müxtəlif təbəqədən olan insanların qarşılıqlı hörmətə əsaslanan münasibətlərindən, eyni zamanda, ASEAN təşkilatının perspektivindən danışılıb.
Tailand Sülh və İnkişaf Naminə Vasatiyyah İnstitutunun direktorunun müavini Mohamad İlyas Yahprunq, Mötədillər Qlobal Hərəkatının baş meneceri Cenni Vonq, Müsəlman Filippinlilər Milli Komissiyasının komissarı Santos Morales və Xarici İşlər Nazirliyinin rəsmisi Eldar Səlimovun iştirakı ilə keçirilən sessiyada sözügedən mövzu ətrafında geniş diskussiya aparılıb.