İDMAN
Parataekvondo üzrə Azərbaycan millisi Türkiyədə keçirilən dünya çempionatında 8 medal qazanıb VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Türkiyənin Samsun şəhərində keçirilən parataekvondo üzrə altıncı dünya çempionatı başa çatıb. Çempionata 10 idmançı ilə qatılan millimiz 8 medal qazanaraq böyük uğura nail olub.
Yarışda milli komandamızın kapitanı Nicat Müslümov (75 kq), Aleksandr Polişuk (75 kq-dan yuxarı), qadınlardan isə Aynur Dadaşova (58 kq) rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xəzər İsayev (75 kq) finaldakı rəqibinə məğlub olaraq çempionatı gümüş medalla başa vurub.
Digər dörd təmsilçimiz - qadınlardan Röyalə Fətəliyeva (49 kq), kişi parataekvondoçulardan isə Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (75 kq-dan yuxarı) və Namiq Abbasov (61 kq) yarışda bürünc medala sahib olublar.
Baş məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Tərənnüm Bayramov və Yaşar Səfərovun rəhbərliyi ilə çempionata qatılan millimiz 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla komanda hesabında kişilər arasında Rusiya millisindən sonra ikinci pillədə, qadınlar arasında isə Rusiya, Türkiyə yığmasının ardından üçüncü pillədə qərarlaşıb.
Komandamız Vətənə sentyabrın 19-da qayıdacaq.
Xatırladaq ki, parataekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərlə liderlər arasındadır.