SİYASƏT


Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir

Paris, 28 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisin möhtəşəm Dofin pavilyonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir.

Səfir Elçin Əmirbəyov mərasimdə çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək və onları doğma vətəni ətrafında sıx birləşdirmək məqsədi ilə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və irəli sürdüyü təşəbbüs sayəsində belə bir əlamətdar günün 20 il əvvəl təsis edildiyini, bu bayramın dünya ölkələrində yaşayan bütün azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunduğunu vurğulamışdır.

Səfir bayram münasibətilə ölkəmizin Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarına təbrik məktubunu diqqətə çatdırmış və Azərbaycan hökumətinin diaspor quruculuğunu daim diqqət mərkəzində saxladığını vurğulamışdır.

E.Əmirbəyov təbrik məktubunun xaricdə yaşayan soydaşlarımız üçün səfərbər xarakter daşıdığını, ondan irəli gələn müddəalardan biri kimi müstəqil dövlətimizin mənafeyinin qorunması və beynəlxalq nüfuzunun artırılması istiqamətində Fransada yaşayan azərbaycanlıları fəal olmağa çağırmışdır.

Fransadakı diasporumuzun təmsilçilərinin, səfirlik və nümayəndəliyin əməkdaşlarının, tələbələrimizin iştirak etdiyi tədbirdə Azərbaycan musiqisi səsləndirilmiş və milli rəqslərimiz ifa edilmişdir.

Mərasim iştirakçıları milli mətbəximizin nümunələrindən dadmışlar.

 

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.