DÜNYA
Parisdə miqrant düşərgələrinin polis tərəfindən zorakılıqla dağıdılması ölkədə ciddi narazılığa səbəb olub
Paris, 24 noyabr, AZƏRTAC
Dövlət sosial vəziyyətə polis reaksiyası ilə cavab verərək, acınacaqlı tamaşa təşkil etdi. Hökumətin yeganə cavabı güc tətbiqidir. Sanitar böhranı zamanı güc tətbiqi qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Parisin mərkəzində, Respublika meydanında 500 miqrant çadırının polis tərəfindən dağıdılması və miqrantların zor tətbiq edilməsi ilə müşayiət olunan məcburi köçürülməsi barədə aidiyyəti qurumlar tərəfindən səsləndirilib.
Sen-Denidə çadırların polis tərəfindən dağıdılmasından sonra miqrantların pərən-pərən düşdüyü bildirilir. Sen-Denidən sonra miqrantların bir hissəsi Parisdə Respublika meydanında çadır quraraq məskunlaşıblar. Ötən gecə yerli vaxtla saat 21:30-da polis Respublika meydanındakı miqrant düşərgəsini də dağıdarkən böyük ictimai rezonansa səbəb olan anlar yaşanıb.
Polisin miqrantlara qarşı tətbiq etdiyi güc və onlarla kobud davranışına dair yayılan video və səkillər insanlarda ciddi narazılıq yaradıb. Miqrantlara qarşı insanlığa sığmayan hərəkətlərə yol verilməsi ölkədə polisin davranışı barədə real vəziyyəti əks etdirib. Hətta daxili işlər naziri Jerar Darmanin sosial şəbəkədəki səhifəsində miqrant düşərgəsinin dağıdılması zamanı görüntülərin şok effekti yaratdığını bildirərək, polis prefekturasından “ətraflı hesabat” istəyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris