REGİONLAR
Payız aylarında Zaqatalada min hektardan çox sahədə yeni fındıq bağları salınacaq
Zaqatala, 1 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər cari ilin payız aylarında da davam etdiriləcək. İlin sonunadək rayon ərazisində min hektardan çox sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır. Bu məqsədlə ötən ilin payızında rayonda 5 hektar sahədə fındıq tingliyi yaradılıb, 300 min keyfiyyətli ting yetişdirilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə məlumat verib.
Xatırladaq ki, bu ilin yazında rayon ərazisində 3 min 158 hektar sahədə yeni fındıq bağları salınıb. Uçotdan kənarda qalan və yeni qeydiyyata alınan bağlar da nəzərə alınmaqla, hazırda Zaqatala rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 17 min 17 hektardır. Bu bağların 9 min hektardan çoxu barverəndir.
Hazırda rayonun fındıq bağlarında məhsul yığımı davam edir. Bu il bağlardan 9 min tona yaxın məhsul gözlənilir.