ELM VƏ TƏHSİL
Paytaxt məktəblərinin məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər
Bakı, 13 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər.
Bu barədə BŞTİ-dən AZƏRTAC-a məlumat verilib. Bildirilib iyulun 23-ü və 24-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70, 213 nömrəli məktəb-liseylərin məzunları Aydan Ağakərimova və İlahə Qardaşəliyeva, həmçinin 229, 247, 271, 305 nömrəli tam orta məktəblərin məzunları Nəzrin Rəfiyeva, Günay Mirzəyeva, Nərgiz Məhərrəmli və Fərid Lalayev 297 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.