QAN YADDAŞI
Paytaxt sakini: Ermənilər Xocalıda insanlığa qarşı ən amansız vəhşiliklər törədiblər
Bakı, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda dinc, günahsız insanları qəddarlıqla qətlə yetirib, şəhəri yerlə-yeksan ediblər. İyirmi altı il keçməsinə baxmayaraq, hələ də bu hadisələri ürəkağrısı ilə xatırlayıram. Əsrlər keçsə də bu qanlı hadisə yaddaşlardan silinməyəcək. Törədilən soyqırımı ermənilərin necə vəhşi millət olduğunu bir daha sübut edir. Ermənilər Xocalıda insanlığa qarşı ən amansız vəhşiliklər ediblər. Xocalı faciəsi tarixin ən qanlı səhifələrindəndir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ana harayı” abidəsini ziyarət edən Bakı sakini Sabir Əhmədov deyib.
“Xocalı soyqırımı yaddaşlara qanla yazılıb. Bu soyqırımı insanlığa, bəşəriyyətə sığmayan faciədir. Xocalı soyqırımı gələcək nəsillərə çatdırılmalıdır. Heç bir təqsiri olmayan uşaqlara, qadınlara və qocalara qarşı törədilən bu qəddarlığı heç nə ilə izah etmək mümkün deyil”, - deyə o bildirib.