CƏMİYYƏT
Paytaxtın Keşlə qəsəbəsində antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkar edilib
Bakı, 5 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinə daxil olan vətəndaş şikayəti əsasında Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsindəki Davud Aslan küçəsi, ev 2 m ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə heyvan mənşəli məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı, xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb.
Müəssisədə texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi və məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən edilib. Məlum olub ki, anbar sahəsi sistematik təmizlənmir, bağırsaqların yuyulub-təmizlənmə, çeşidlənmə, duzlanma və qablaşdırılması, saxlanması bir sahədə həyata keçirilir. İstehsalat sahəsinə həşaratların daxil olmasının qarşısını almaq məqsədilə tədbirlər görülmür. İşçilərin xüsusi geyim forması yoxdur və tibbi müayinədən keçməyiblər.
Yoxlama zamanı məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də baytarlıq normativlərinin tələblərinə əməl edilmədən emal aparılır, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır.
Müəssisədə heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Məlum olub ki, heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbul ilə bağlı sənədləri yoxdur.
Aparılan yoxlamanın nəticəsi ilə bağlı olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.