ELM VƏ TƏHSİL
Pedaqoji Universitet ilə Litvanın ali təhsil müəssisələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb
Bakı, 21 fevral, AZƏRTAC
Litva Respublikası Parlamentinin Elm və Təhsil üzrə Komitə üzvü Gintaras Steponavicius Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi ADPU-nun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, bu istiqamətdə görülə biləcək işlər və mümkün əlaqələrin qurulması məsələlərinin müzakirəsi olub.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov ali təhsil ocağının profili, strukturu və tədris prosesi haqqında məlumat verib. ADPU əməkdaşlarının layihə çərçivəsində Litvanın SMK Sosial Elmlər Kollecinə ezamiyyəti, əməkdaşlıqda cari vəziyyət, əlaqələrin ali təhsil müəssisəsinin beynəlmiləlləşməsinə və təhsilin keyfiyyətinə təsiri barədə geniş danışan E.Aslanov qonağın Azərbaycanda müəllim hazırlığı siyasəti ilə bağlı suallarını da cavablandırıb.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə Litvanın ali təhsil müəssisələri ilə əlaqələrdən, Erasmus+ KA1 proqramı çərçivəsində görülə biləcək işlərdən danışaraq inklüziv təhsillə bağlı layihələrdə Litva ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Gintaras Steponavicius Litvanın Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlığa açıq olduğunu qeyd edib. O, eyni zamanda, ADPU-nun əməkdaşlıq etdiyi Vytautas Maqnus Universiteti və SMK Sosial Elmlər Kollecinin ölkəsindəki nüfuzundan bəhs edib, əməkdaşlıqların genişləndirilməsi və inkişafı üçün lazımi dəstəyi göstərəcəyini bildirib.