ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 14 noyabr - Beynəlxalq Loqopedlər Günü ilə bağlı məzunlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev ADPU-nun fəaliyyət göstərdiyi müddət ərzində ölkəmiz üçün 150 mindən çox pedaqoji kadr hazırladığını diqqətə çatdırıb. Bildirib ki, universitet yalnız öz geniş strukturuna görə deyil, həm də qazandığı uğurları, cəmiyyətə verdiyi töhfələri ilə tanınır.
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva vurğulayıb ki, ölkəmizdə genişmiqyaslı təhsil islahatları uğurla davam etdirilir. ADPU-da təhsilin inkişafına xidmət edən islahatlar öz müsbət nəticələrini verir. Fakültə inklüziv təhsillə bağlı müxtəlif layihələr, proqramlar və digər tədbirlər həyata keçirir.
Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova bildirib ki, ölkə rəhbərliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına böyük önəm verir. Bu da öz növbəsində bizim qarşımızda böyük vəzifələr qoyur, məsuliyyətimizi artırır. Belə tədbirlərin davamlı keçirilməsi olduqca vacibdir.
Tədbirdə fakültənin tələbələrinin hazırladıqları videoçarx nümayiş etdirilib.