ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə magistrantlarla görüş
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) MBA (Təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşmasının magistrantları ilə “Təhsil liderliyi – xarakter, yoxsa vəzifə” mövzusunda dərs-görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADPU-nun Tədris departamentinin direktor müavini, Təhsil menecmenti kafedrasının dosenti Ənvər İmanov bildirib ki, Pedaqoji Universitetdə ölkədə ilk dəfə olaraq cari ildə MBA - biznesin təşkili və idarə olunması ixtisasının “Təhsilin təşkili və idarə edilməsi” ixtisaslaşması üzrə magistraturaya qəbul aparılıb. Dərs-görüş də məhz həmin ixtisaslaşmada tədris olunan təhsildə liderlik kursu çərçivəsində idarəetmə sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə həyata keçirilir.
“AAAF Holdinq”in vitse-prezidenti, biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev idarəetmə məsələlərində peşəkarlıqla bağlı təqdimat edib. Sonra magistrantlarla uğurlu karyera quruculuğu haqqında geniş diskussiya aparıb.
“Azersun Holding”in bölmə rəisi İlqar Kərimov, “Azrib” şirkətinin satış direktorunun müavini Zəka Cəmilov, “Aztrade Company”in təsisçisi Röyal Umudov, SOCAR-ın əməkdaşı Ramin Quliyev, AROC LLC-nin sahə rəisi Ruslan İsmayılov, 7 nömrəli məktəbin direktoru Könül Təhməzova da öz idarəçilik karyeralarında qazandıqları bilik və təcrübələrini magistrantlarla bölüşüblər.
Təqdimatlardan sonra ekspertlər uğurlu karyera quruculuğu mövzusunda magistrantları maraqlandıran sualları cavablandırıblar.