MƏDƏNİYYƏT
Pekin Beynəlxalq Mədəniyyət Forumunda ölkəmiz də təmsil olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Dünyanın nüfuzlu musiqi təşkilatlarından olan Pekinin İfaçılıq Sənətləri Milli Mərkəzinin (NCPA – Beijing National Centre for Performing Arts) təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Forumda dünyanın 40 ölkəsindən 120 mədəniyyət xadimi iştirak edib. Azərbaycanın Çindəki səfirliyi də foruma təşkilati dəstək verib.
AZƏRTAC xəbər verir ki, tədbiri Pekin şəhərinin meri Çen Jininq açaraq iştirakçılarını salamlayıb, sonra Çin Xalq Respublikasının Mədəniyyət naziri Janq Su, Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin prezidenti Vanq Ninq və vitse-prezidenti Ju Yanq forum iştirakçılarına müraciət edərək onlara uğurlar diləyiblər.
Forumun rəsmi gündəliyinə əsasən 11 nəfərin çıxışı dinlənilib – Peter Gelb ( Nyu-Yorkun Metropoliten Opera Teatrının direktoru), Aleks Bird (Londonun Kovent-Qarden Opera Teatrının direktoru), Valdemar Dabrovski (Varşava Milli Opera Teatrının direktoru), Əyyub Quliyev (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru), Mariya Viktoriya Alkaraz ( Buenos Ayresin “Kolon” Opera Teatrının direktoru), Maqdi Saber (Qahirə Opera Teatrının direktoru), Mixael Xelfliger (İsveçrənin Lutsern Beynəlxalq Festivalının Prezidenti), Matias Tarnopolski (ABŞ-ın Filadelfiya simfonik orkestrinin Prezidenti), Marçelo Lopes (Braziliyanın San Paolo simfonik orkestrinin icraçı direktoru), Duqlas Qoltyer (Avstraliyanın “Adelaida Festival Mərkəzi”nin bədii rəhbəri) və Yu İn Taek (Seul Mədəniyyət Mərkəzinin Prezidenti). Forumun moderatorları – İqnasio Qarsia Layta (Madridin Opera Teatrının direktoru) və Georq Virtaler (Almaniyanın Opera Teatrları Assosiasiyasının baş direktoru) olublar.
Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri və baş dirijoru Əyyub Quliyev çıxışında teatrın ölkə və regionda musiqi mədəniyyətinin inkişafındakı rolundan bəhs edərək son illərdə reallaşdırılmış tamaşalar barədə geniş məlumat verib. Eyni zamanda, Əyyub Quliyev Azərbaycan Dövlət Opera Teatrının bu il qeyd edilməsi planlaşdırılan 100 illik yubileyi barədə forum iştirakçılarını məlumatlandırıb.