DÜNYA
Pekində Sinxua və TASS agentliklərinin birgə fotosərgisi açılıb
Pekin, 21 dekabr, AZƏRTAC
Pekində Çinin Sinxua və Rusiyanın TASS informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının 60-cı ildönümü münasibətilə birgə fotosərgi açılıb.
“Keçmişə və gələcəyə baxış” adlı sərginin açılış mərasimində çıxış edən Sinxuanın prezidenti Çay Mincao və TASS baş direktorunun birinci müavini Mixail Qusman agentliklər arasında 1956-cı ildə əsası qoyulmuş əməkdaşlığın keçmiş SSRİ ilə Çin, müasir dövrdə isə Rusiya ilə Çin arasında münasibətlərin inkişafındakı, xalqlar arasında dostluq əlaqələrinin yaranmasındakı rolundan bəhs ediblər.
Pekindəki Dünya İncəsənət Muzeyində təşkil olunan sərgi iki ay davam edəcək. Sərgidə Sinxua və TASS fotomüxbirlərinin ölkələr arasında münasibətlərin müxtəlif sahələrinə dair çəkilmiş şəkilləri nümayiş olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin