DÜNYA
Pekində karantin tədbirləri qeyri-müəyyən müddətə uzadılıb VİDEO
Pekin, 10 may, AZƏRTAC
Çində COVID-19 böhranının yeni episentri olan paytaxt Pekində epidemik vəziyyət ağırlaşmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, şəhər hökuməti mayın 11-də başa çatmalı olan karantin tədbirlərinin müddətini qeyri-müəyyən müddətə uzadıb, yeni qadağa və məhdudiyyətlərin tətbiqinə başlanılıb. Belə ki, orta məktəblərdə əyani dərslərin təşkilinə, kafe və restoranlarda yerində xidmətlərin göstərilməsinə, əyləncə və mədəniyyət mərkəzlərinin, o cümlədən kinoteatr və muzeylərin, qalereyaların, idman zallarının, bir neçə parkın, ticarət mərkəzinin fəaliyyətinə qoyulan qadağaların müddəti uzadılıb. Bütün kütləvi tədbirlərin, o cümlədən idman yarışlarına qoyulan qadağalar qüvvədə saxlanılıb. Səlahiyyətli qurumlar sutkalıq yoluxma hallarının çoxalma ehtimalını nəzərə alaraq, mobil xəstəxanaların inşasını diqqətdə saxlayır.
Pekində virusla mübarizə tədbirləri çərçivəsində kütləvi test prosesi də davam edir. Bunun üçün yaşayış məhəllələrində və iş yerlərində yüzlərlə səyyar test məntəqəsi fəaliyyət göstərir. Demək olar ki, sakinlər hər gün test verirlər. Test verilməsi könüllü xarakter daşısa da, bəzi məkanlara, o cümlədən dövlət qurumlarına, ictimai məkanlara, ofis binalarına və otellərə girişdə son 48 saat ərzində verilmiş koronavirus testinin neqativ nəticəsi tələb olunması sakinləri mütləq qaydada test verməyə vadar edir.
Epidemiya ilə mübarizə tədbirləri çərçivəsində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağalar da qeyri-müəyyən müddətə uzadılıb. Paytaxtın ən iri rayonlarından olan və hazırki dalğada ən çox yoluxmaların qeydə alındığı Çaoyanda 63 xətt üzrə avtobusların fəaliyyəti dayandırılıb, 48 xətt üzrə hərəkət dəyişdirilib. Çaoyan və Toncou rayonlarında 14 metro xətti üzrə 70-ə yaxın stansiya bağlanıb. Həmin ərazilərdə yaşayan təxminən 3,5 milyon nəfərin evdən işləməsi tövsiyə olunub. İş yerinə getməsi vacib olanlar isə yalnız fərdi nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Tibb müəssisələrinə getməli olanlar üçün xüsusi taksi xidməti də təşkil olunub. Hazırda Pekindəki 21 yüksək riskli və 34 orta riskli zonanın, habelə yoluxmaların qeydə alındığı bütün məhəllələrin sakinləri yaşadıqları yeri tərk edə bilməzlər. Bundan başqa, şəhərlərarası avtobusların, habelə qatar və təyyarə reyslərinin da sayının azaldıldığı bildirilir.
Qeyd edək ki, martın əvvəlindən Çinin müxtəlif yaşayış məntəqələrində əsas hissəsi “omikron” ştamı olmaqla virusa yoluxmaların çoxalması fonunda epidemik vəziyyət gərginləşib. Ötən müddətdə Çinin işgüzar mərkəzi hesab olunan Şanxay da daxil olmaqla bir neçə yaşayış məntəqəsində qapanma tətbiq olunub. Aprelin 22-dən etibarən Pekində də yoluxmaların aşkarlanması səlahiyyətli qurumları, elə paytaxt sakinlərini də qayğılandırıb. Əslində 21 milyon sakini olan Pekində sutkalıq yoluxma göstəricisi ikirəqəmli ədədlə ifadə olunsa da, “Sıfır virus” siyasətinin tətbiq olunduğu Çində yoluxuculuq qabiliyyəti yüksək olan “omikron” ştamının sürətlə yayılma ehtimalı narahatlıq doğurur. Pekinin səlahiyyətli qurumları şəhərdə gizli yoluxmaların olmasını istisna etmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin