İQTİSADİYYAT
Pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 38,9 faizi ərzaq məhsullarına sərf olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 14188,7 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,3 faiz üstələyərək 14183,0 milyon manat təşkil edib.
Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 29,0 manat daha çox vəsait xərcləyib.
Doqquz ayda pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,1 faiz artaraq 6441,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,3 faiz artaraq 7747,1 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 54,6 faiz təşkil edib.
2018-ci ilin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,9 faizi ərzaq məhsullarının, 6,5 faizi içkilər və tütün məmulatlarının, 12,1 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,4 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,3 faizi əczaçılıq və tibbi malların, 7,6 faizi avtomobil yanacağının, 25,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 28,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,2 faiz az istehlak məhsulları satılıb.