CƏMİYYƏT
Peşə Reabilitasiya Mərkəzinin məzunları Türkiyədə sağlamlıq imkanları məhdud gənclərə öz peşələrini öyrədirlər
Bakı, 19 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin məzunlarından olan Çinarə Rəhimova Türkiyənin paytaxtı Ankarada peşə reabilitasiyası dərnəyində müxtəlif ölkələrdən gəlmiş sağlamlıq imkanları məhdud gənclərə toxuculuq peşəsini öyrədir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Naftalan şəhərindən gələrək Peşə Reabilitasiya Mərkəzində üçaylıq kurs müddətində toxuculuq peşəsinə yiyələnən Ç.Rəhimova mərkəzdəki digər gənclərlə bərabər “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində 15 gün müddətinə qardaş ölkədəki peşə reabilitasiyası dərnəyində təcrübə kursunda olub. Toxuculuq sahəsində bacarığı ilə diqqəti cəlb etdiyindən ona Avropa İttifaqının “Avropa Könüllülük Proqramı”nın “Əngəlsiz Gülümsə” layihəsi üzrə Ankara şəhərində təşkil olunan dərnəkdə könüllü əsasla öz peşəsini öyrətməsi təklif olunub.
Təklifi qəbul edən Ç.Rəhimova hazırda həmin dərnəkdə ayrı-ayrı ölkələrdən gəlmiş sağlamlıq imkanları məhdud gənclərə toxuculuq peşəsini öyrədir. Layihənin dəstəyi ilə o, bir il ərzində Türkiyədə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Peşə Reabilitasiya Mərkəzinin digər məzunu – Lənkəran rayonundan gələrək mərkəzdə ağac üzərində oyma sənətini öyrənmiş Elvin Ələkbərovun da “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində Türkiyədə peşə hazırlığı dərnəyində olarkən əl işləri böyük maraq doğurub. Nəticədə Antalya şəhərində “Əngəlsiz Gülümsə” layihəsi üzrə sağlamlıq imkanları məhdud gənclər üçün daha bir peşə dərnəyinin - ilk dəfə ağac üzərində oyma sənəti üzrə dərnəyin açılmasına qərar verilib. E.Ələkbərov cari ilin oktyabr ayından həmin dərnəkdə öz peşəsini öyrətməyə dəvət edilib.