İQTİSADİYYAT
Peşə məktəbləri bugünkü bazarın tələbinə uyğun müasirləşməlidir
Bakı, 20 oktyabr, AZƏRTAC
Peşə məktəbləri bugünkü bazarın tələbinə uyğun müasirləşməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin Gəncə üzrə administrativ mütəxəssisi Cəfər Cəfərov deyib.
“Bu gün sərgidə gələcək üçün peşə təhsili və təlimi layihəsi ilə təmsil olunuruq. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir”, - deyə Cəfər Cəfərov vurğulayıb.
O bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda olan peşə təhsili müəssisələrini müasirləşdirməkdir. Layihənin və adıçəkilən peşə təhsil müəssisələrinin sərgidə iştirakında məqsəd isə inşaat sektoru ilə əlaqələri göstərməkdir.
“Sərgidə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi olmaqla iki müəssisə ilə təmsil olunuruq. İnşaat sərgisində müxtəlif ölkələrdən olan nümayəndələr və özəl sektor var. Biz peşə təhsili mərkəzinin müxtəlif sahələrdən olan özəl sektor nümayəndələri ilə bir araya gələ biləcəyini göstərmək istəyirik. Bizdə inşaat, avadanlıqlar, sənayedə quraşdırma, mənzil təsərrüfatı və kommunal, isitmə-soyutma sistemləri və sair peşələr üzrə ixtisaslar var. Özəl sektor nümayəndələri ilə əməkdaşlıq və tədrisin bugünkü bazarın tələbinə uyğun olaraq müasirləşdirilməsi mövzularında B2B görüşlərimiz olacaq”, - deyə layihənin mütəxəssisi qeyd edib.