MƏDƏNİYYƏT


Pirallahıda şair Baba Vəziroğlu ilə görüş

Bakı, 13 aprel, AZƏRTAC

Pirallahıda rayon icra hakimiyyəti rəhbərliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndələrinin, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşlarının, məktəblilərin iştirakı ilə tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu ilə görüş keçirilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində baş tutmuş tədbirdən öncə iştirakçılar şairin kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə bildirilib ki, Baba Vəziroğlu ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz” jurnalında çap etdirdiyi “Bir yaz axşamı” hekayəsi ilə başlayıb. Həmin vaxtdan Baba Vəziroğlu dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr edib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Uzun illər teleşirkətdə aparıcı işləyib, “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında baş redaktor olub. 2002-ci ildən o, Kinematoqrafçılar İttifaqında idarə heyətinin katibidir.

Baba Vəziroğlunun 1000-dən artıq şeirinə mahnı bəstələnib. O, həm də istedadlı ssenaristdir.

Görüşdə Pirallahı məktəblilərinin ifasında şairin “Taleyimdən keçən gün”, “Nəyi gözləyirsən”, “Kim bilir”, “Bu axşam”, “Hava”, “Gözüm səni axtaracaq”, “Dəniz”, “Xatirələr” şeirləri səsləndirilib.

Əməkdar İncəsənət Xadimi Şeyx Əbdül Mahmudov, Xalq Artisti Mübariz Tağıyev, bəstəkar Sevinc Tofiqqızı çıxışlarında şairin nəsr və nəzm sahəsində qazandığı uğurlardan söz açıblar, “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Ocaq”, “Yol”, “Dünya dəyməz göz yaşına” kimi kitabların ədəbiyyatımıza dəyərli töhfə olduğunu bildiriblər.

Sonda şairə yaradıcılığında yeni-yeni uğurlar arzulayan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov şairə Fəxri fərman və rayonun simvolunun maketini təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.